İSVEÇRƏDƏ TƏQAÜDLÜ MÜBADİLƏ PROQRAMI!
UNEC Beynəlxalq əməkdaşlıq departamenti bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr üçün əsrarəngiz təbiətə və yüksək həyat standardlarına malik İsveçrə Konfederasiyasının fransız dilli Neuçatel kantonunda yerləşən HES SO İdarəetmə Məktəbində təqaüdlə mübadilə proqramı elan edir.
Ali İdarəetmə Məktəbi 1 semestrlik mübadilə proqramı təklif edir və mübadilə proqramı fransız dilində B2 danışıq səviyyəsinə malik olan UNEC bakalavr tələbələri və ingilis dilində B2 səviyyəsinə malik olan UNEC magistr tələbələri üçün nəzərdə tutulmuşdur. Mübadilə 2023-ci ilin yaz semestri üçün nəzərdə tutulmuşdur. Yaz semestri 2023-cü ilin fevral ayında başlayacaqdır.
HES-SO Ali İdarəetmə Məktəbi haqqında qısa məlumat:
Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan HES-SO Ali İdarəetmə Məktəbi ARC 1982-ci ildə təsis edilmişdir. Tədris əsasən bakalavr və magistr dərəcələrində fransız dilində aparılır. Burada iqtisadiyyat hüququ, informasiya texnologiyaları, marketinq, maliyyə, loqistika, insan resursları, iqtisadi cinayətlərin istintaqı, biznesin idarəedilməsi və s. proqramlar mövcuddur. Hazırda 1800 tələbənin təhsil aldığı məktəbdə 100 nəfər akademik heyət üzvü və 400 qonaq mühazirəçi vardır.
HES- SO Məktəbi fransız dilli zəngin təbiətə və tarixə malik Neuçatel kantonunda yerləşir. Şəhər həm əsrarəngizliyi ilə, eyni zamanda, tələbə şəhərciyi kimi məşhurdur. Neuçatel kantonunu kiçik Paris də adlandırırlar.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb